Azərbaycan Şərqlə Qərb arasında beynəlxalq nəqliyyat dəhlizi kimi çox mühüm mövqedədir. Xüsusilə tranzit rolunu oynayır. İllər əvvəl düşünülmüş bu siyasətin nəticəsində bu gün ölkəmiz həm kifayət qədər böyük gəlir qazanır, həm də beynəlxalq əməkdaşlıqda mühüm ölkələrdən birinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2019-cu il də bu baxımdan daha əlamətdar olub:
“Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bu, bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır”.
O dəniz limanı ki bu gün Şərqlə Qərb arasında nəqliyyat dəhlizinin əsas tərkib hissəsidir və təsadüfi deyil ki, 2019-cu ildə Bakı limanından 4 milyon tondan çox yük aşırılıb. Ən böyük həcmli artım tempi olan yük növləri əsasən konteyner və təkərli texnikanın sayında müşahidə olunub. Bu, 2018-ci illə müqayisədə 57 faizdən çox artım deməkdir.
Artım, əsasən, Orta Asiya, Türkiyə, Ukrayna tırlarının Azərbaycan üzərindən keçən dəhlizə üstünlük verməsi ilə əlaqədardır. Yük dövriyyəsi, əsasən, Qara dəniz sahili ölkələri ilə Orta Asiya ölkələri arasında aparılır. Konteynerlərin artımında Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində daşınmaların böyük rolu var. Burada əsas həcm Çindən gələn konteynerlərin hesabına artıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bütün logistik imkanlar - həm quru yük, həm konteyner yükləri, həm də açıq səpkili dəmiryolu vaqonlarının aşırılması, eləcə də təkərli texnikanın aşırılmasına imkan verən liman infrastrukturu var.
Limandakı ən son yeniliklərdən biri də burada iki yeni terminalın - taxıl və karbomid terminalının tikintisi ilə bağlıdır. Layihənin İpək yolu dəhlizi ilə daşınmaların artırılmasına müsbət təsir edəcəyi gözlənilir.
Orta Asiyada böyük həcmdə gübrə-karbomid istehsalı var və Qərb ölkələrinə onun ixracı həyata keçirilir. Analoji terminalın Türkmənbaşı limanında tikintisi başa çatmaq üzrədir. Həmin yüklərin qəbulu və Qərbə ötürülməsi üçün eyni tipli terminalın Bakıda tikintisi nəzərdə tutulur. Taxıl terminalının tikintisinə xarici investorların cəlb olunması ətrafında fikir mübadiləsi aparılır. Karbomid və taxıl terminalının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikintisi Azərbaycan üzərindən keçən tranzit yüklərin artımına təsir edəcək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının avtomatlaşdırması və ümumilikdə, dəhlizin rəqəmsallaşdırılması istiqamətində işlər gedir. Bu o deməkdir ki, liman əməliyyatlarının, biznes proseslərinin avtomatlaşdırılması strategiyası tətbiq olunacaq. Proses bu ilin sonuna qədər yekunlaşacaq. Dəhlizin rəqəmsallaşdırılması üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təşəbbüsü ilə beynəlxalq təşkilatlara müraciət edilib. ATƏT-in ayırdığı qrant çərçivəsində bu sahədə layihə işlənilir. Layihənin strategiyasının aprel ayında bitməsi nəzərdə tutulur. Bununla da Azərbaycanın logistika, İpək yolu dəhlizi üzrə təkcə tranzitdə deyil, rəqəmsallaşdırma və idarəetmədə də mövqeyi güclənəcək.
Ayşəm Rüstəmova