2020-ci il ərzində Azərbaycanda minimum 1000 kilometr uzunluğunda yolun bərpa edilərək asfaltlanması nəzərdə tutulur. Paytaxt Bakıda qəsəbədaxili yollarla yanaşı beynəlxalq istiqamətlərdə də yeni avtomobil yollarının yaradılması planlaşdırılır.
Dövlət başçısının yol infrastrukturuna xüsusi diqqət ayırmasının nəticəsidir ki, bu gün respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxlaq standartlara cavab verən yollar çəkilib. Ümumilikdə, əhalinin rahat gediş-gəlişinin təmini istiqamətində böyük layihələr reallaşdırılır. Paytaxt Bakının qəsəbədaxili yolları yenidən qurulur.
Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir. Təbii ki, görüləsi işlər hələ çoxdur. Xüsusən də qəsəbədaxili yolların təmiri prioritet məsələdir.
Avtomobil yollarının yenidən qurulması beynəlxalq əməkdaşlıqda, yüklərin tranzit daşınmasında da mühüm rol oynayır. Təsadüfi deyil ki, 2020-ci ildə də bu istiqamətdə mühüm layihələr reallaşdırılacaq.Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da bu məsələyə toxunub: “Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Onlardan biri Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsidir. Sumqayıtdan Rusiya sərhədinə gedən yeni dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir”.
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində də tikinti-bərpa işləri davam etdirilir. Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.
Həmçinin Astara-İran sərhədi avtomobil yolu hazırda Astara şəhərinin içərisindən keçməklə vətəndaşlara narahatlıq törədir. Digər tərəfdən yükburaxma qabiliyyəti aşağı düşür. Ona görə Astara şəhərinə girmədən rayonun ərazisindən İran sərhədinədək yeni magistral yolun çəkilişi, o cümlədən avtomobil körpüsünün tikintisi nəzərdə tutulur. Layihənin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Bu il yenidən qurulması nəzərdə tutulan yollardan biri də Şamaxı-İsmayıllı-Qəbələ yoludur. Bura sürüşmə ərazisi olduğu üçün yeni texnologiyalar əsasında və yeni məcranın tapılması istiqamətində aparılmış işlər nəticəsində yol genişləndiriləcək və keyfiyyət yaxşılaşdırılacaq.
Vəfa Ağabalayeva