70 il bundan öncə Avropa Şurası İkinci Dünya müharibəsinin dəhşətlərini yenicə yaşamış bəşəriyyətin ümidi, demokratiya dəyərlərinin yeni işartısı kimi meydana gəlmişdi. Amma, yəqin ki, onun ideya müəllifləri və yaradıcıları ağıllarına belə gətiməzdi ki, cəmi 70 ildən sonra insan hüquqlarının, bəşəri humanizm dəyərlərinin keşikçisi kimi qurulmuş bu təşkilat ayrı-ayrı maraqlı qrupların alətinə, təzyiq vasitəsinə çevrilərək nüfuzunu itirəcək.

Qərb ölkələrində də etiraf edirlər ki, Avropa Şurasında deqradasiya prosesi gedir və təşkilat köhnə qitənin siyasi səhnəsindəki çəkisini sürətlə itirməkdədir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, qurumun sessiyalarının sayının azaldılması, sessiyaların müddətinin bir həftədən 4 günə endirilməsi təklif edilir. Avropa Şurası Parlament Assambleyasının 324 üzvü olsa da, iclasların əksəriyyətində iştirakçıların sayı 150-ni keçmir. Avropa Şurasının bir təşkilat kimi bu qədər nüfuzdan düşməsinin və hətta avropalıların özləri üçün də maraqsızlaşmasının əsas səbəbləri isə ikili standartlar, qurumda qəbul edilən sənədlərin kağız üzərində qalması və ayrı-ayrı maraqlı qrupların Parlament Assambleyasını istədikləri istiqamətdə yönləndirməsidir.

“Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq”, - deyə Prezident İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vurğulayıb.

Bəs Azərbaycan, Türkiyə kimi dinamik inkişaf meylləri sərgiləyən dövlətlərdəki xırda məsələləri şişirdərək gündəmə gətirən, konkret qanun pozuntularına görə həbs edilmiş ayrı-ayrı şəxsləri siyasi məhbus kimi göstərməyə cəhd edən AŞ PA-nın bəzi üzvləri Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyəti ilə bağlı niyə susurlar?

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı çıxışında qeyd edir: “Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm”.

Ermənistanın iki sabiq dövlət başçısı Robert Köçəryan və Serj Sarkisyan sırf siyasi fəaliyyətlərinə görə təqiblərə məruz qalıblar, biri həbs olunub digərinin isə istintaqı davam edir. Onların həbsinin əsas səbəbi indiki hakimiyyətə qarşı tənqidi mövqeləridir. Bu ölkədə fundamental insan hüquqları hər gün hər addımda pozulur. Ermənistan nəinki öz vətəndaşlarının, 30 ildən artıqdır ki, quruma digər üzv dövlətin torpaqlarını işğal altında saxlamaqla 1 milyodan artıq Azərbaycan vətəndaşının da hüquqlarını kobud şəkildə pozmaqdadır. Özünü insan hüquqlarının hamisi hesab edən Avropa Şurası bu faktları niyə görməzdən gəlir və işğalçı rejimə təzyiq göstərməyə tələsmir? 

Fransa Milli Assambleyasının üzvü Jan Lük Reitzer Azərbaycan Televiziyasına açıqlamasında bildirib ki, Azərbaycan iqtisadi, siyasi baxımdan Avropa üçün vacib tərəfdaş ölkədir: “Fransa və ümumiyyətlə Avropa üçün Azərbaycan iqtisadi, siyasi baxımdan vacib tərəfdaş ölkədir. Azərbaycan qeyri-sabit regionda sabit və dinamik inkişafa nail olmuş bir dövlətdir. Bu səbəbdən də hesab edirəm ki, bu cür qərəzli yanaşmalar doğru deyil. Avropanın siyasi institutlarında ikili standartlara yol verilməməlidir. Qərəzli yanaşma ilk növbədə Avropa Şurası və bu kimi ikili standartlara yol verən qurumların öz nüfuzuna ağır zərbədir. Azərbaycan kimi perspektivli ölkələrlə bizi yaxınlaşdıran addımlar atmalıyıq. Amma qərəzli və sifarişli münasibət buna imkan vermir. Avropa Azərbaycanla münasibətlərini səmimi siyasi-iqtisadi maraqlar müstəvisində qurmalıdır”.

Müşahidəçilər belə bir nüansa da diqqət yetirirlər ki, vaxtilə AŞ PA Rusiya əleyhinə qətnamə qəbul edərək onun təmsilçilərini səs hüququndan məhrum etmişdi. Lakin sonradan maliyyə sıxıntısı çəkdiklərindən təkrarən Rusiyaya müraciət etməli oldular. Bütün bunlar şuranın tam şəkildə siyasiləşdiyini və ambisiylarla çıxış etdiyini göstərir.

Azərbaycanla bağlı qondarma siyasi məhbus məsəsləsinin ölkəmizdə parlament seçkiləri ərəfəsində gündəmə gətirilməsi də təsadüfi deyil və açıq-aşkar qaralama, parlament seçkilərinə kölgə salmaq məqsədi daşıyır. Əgər belə deyilsə, 2014-cü ildə Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfər edən və buna görə də adı qara siyahıya salınmış Yatsek Protasieviçin adı AŞ PA-nın seçki müşahidə missiyasının tərkibinə niyə salınıb? Axı Avropa Şurasında yaxşı bilirlər ki, işğal altında olan torpaqlarımıza qanunsuz səfər etmiş şəxslərin Azərbaycana girişi qadağandır. Deməli, məqsəd təxribat yaratmaq, seçkiləri qeyri-şəffaf təqdim etməkdən ibarətdir.

Bir sözlə, müstəqil dövlətlərə saxta ittihamlarla təsir göstərmək cəhdlərini davam etdirərək daha da nüfuzdan düşməsini istəyirsə, bu, Avropa Şurası Parlament Assambleyasının öz seçimidir.

Elzar Ağayev

Azərbaycan Televiziyasının qərbi Avropa bürosu