Prezident İlham Əliyev fevralın 7-də “Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum–Tikanlı–Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpasının başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qeyd edək ki, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Son 16 ildə ölkə ərazisində 16 min 700 kilometr avtomobil yolu tikilib. Ötən il isə 1300 kilometr avtomobil yolu salınıb.