Fevralın 8-də axşam saatlarından yağmağa başlayan qarın hündürlüyü şimal bölgəsinin dağlıq ərazilərində 40 santimetri keçib, temperatur mənfi 15 dərəcəyədək aşağı enib.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 43 santimetrə çatır. Qubanın Qrız kəndində 40, Xaltanda 35, Xızının Altıağac qəsəbəsində 36, Qubanın mərkəzində 11, Şabranda 2, Xaçmazın Nabran kəndində 1, Qusarın Yasab kəndində 15 santimetr qar yağıb.
Ən aşağı temperatur (-15 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.
Hazırda şimal bölgəsinə qar yağmaqda davam edir.