Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov sosial şəbəkələrdə seçki məntəqələrində veb-kameraların üzərinin bağlı olması ilə bağlı yayılan iddialara cavab verib.
O, AzTV-yə müsahibəsində deyib ki, üzəri bağlı olanlar təhlükəsizlik kameralarıdır:
“Seçki başlayan saatda sosial şəbəkələrdə veb-kameraların üstünün bağlı olmasına dair məlumatlar yayırdılar. Biz həmin şəxslərə təşəkkür edirik ki, bu məlumatları bizimlə bölüşüblər. Lakin deməliyəm ki, veb-kameralar hamısı fəaliyyət göstərir. Veb-kameranın üzəri örtülmür. Sadəcə, bildiyiniz kimi, əvvəlki seçkilərdə də bəzi hallarda təhlükəsizlik kameralarının məntəqələrdə olduğu vurğulanmışdı. Yerli və beynəlxalq müşahidəçilər tövsiyə edirdilər ki, yaxşı olar ki, bu təhlükəsizlik kameraları olmasın, onların üzəri qapadılsın. Seçicilərə bu, bir az absudr gələ bilər. Amma müşahidəçilər bunun seçicilərə təsir edə biləcəyini düşünürdülər. Təhlükəsizlik kameralarının üzəri hər yerdə örtülüb. Bundan narahat olmaq lazım deyil”.