Azərbaycanda keçirilən parlament seçkiləri dünya mediasının diqqət mərkəzindədir. Ölkəmizdə akkreditasiya olunmuş xarici jurnalistlər seçki prosesini diqqətlə izləyir, təmsil etdikləri media qurumlarına bu barədə vaxtaşırı məlumat ötürürlər. Xarici mətbuatda istər bu gün, istərsə də seçki kampaniyası dövründə yer alan məlumatlarda səsvermə üçün çox yaxşı şərait yaradıldığı xüsusilə qeyd olunur. Əcnəbi KİV-ə müahibələr verən xarici müşahidəçilər də səsvermə prosesinin sakit, heç bir qayda pozuntusu olmadan keçdiyini bildirirlər.
Nüfuzlu “Reuters” agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailə üzvlərinin ölkəmizdə keçirilən parlament seçkilərində səsvermədə iştirakına dair xəbər yayıb.
Rusiya mediası da Azərbaycanda keçirilən seçkilərə kifayət qədər yer verib. “Rossiya 24” kanalının müxbiri Bakıdan xəbərlər proqramına canlı qoşularaq seçkilərə böyük marağın olduğunu deyib. Süjetdə Prezident İlham Əliyev və ailə üzvlərinin ilk səs verənlər arasında olduğu bildirilib. Müxbir son sorğulara əsasən Prezident İlham Əliyevin əhalinin 80 faizi tərəfindən dəstəkləndiyini vurğulayıb. Seçkiləri işıqlandırmaq üçün Rusiyadan çox sayda jurnalistin Bakıya gəldiyi qeyd olunub.
Şimal qonşumuzun “1-ci kanal”ı da Azərbaycandakı parlament seçkiləri ilə bağlı süjet yayımlayıb. Süjetdə seçkilərdə seçici fəallalığının yüksək olduğu vurğulanıb.
Türkiyənin “Anadolu” Agentliyi isə bildirir ki, Azərbaycanda 5 milyon 387 min seçici qeydə alınıb. Xəbərdə Prezident İlham Əliyev və ailə üzvlərinin səsvermədə iştirakı qeyd olunub. “TRT Xəbər” Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı son məlumatları canlı yayımla tamaşaçılara çatdırıb. Bildirib ki, qanunverici orqandakı 125 deputat mandatı uğrunda 1300-dən çox namizəd mübarizə aparır.
“İhlas Xəbər Agentliyi” də parlament seçkilərini diqqətdə saxlayır. Bu agentliyə müsahibə verən və səsvermə prosesini beynəlxalq müşahidəçi qismində izləyən Türkiyə Ali Seçki Şurasının sədri Muharrem Akkaya səsvermənin yüksək səviyyədə keçdiyni bəyan edib.
Birləşmiş Ərəb Əmirliklərinin “Əlbəyan” xəbər portalı da seçkilərlə bağlı məlumat yayıb. Sayt həmçinin Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini faktlarla əsaslandırıb.
İordaniya xəbər agentliyi “Petra” bildirir ki, Azərbaycanda parlament seçkilərini izləmək üçün 47 ölkədən 132 beynəlxalq KİV akkreditasiya olunub. Sayt məntəqələrdə səs vermək üçün bütün lazimi şəraitin mövcud olduğunu da bildirilib
Nüfuzlu informasiya mərkəzlərindən sayılan Çinin “Sinhua” xəbər agentliyi Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı xəbər yayımlayıb.
Agentlik qanunverici orqandakı 125 yer uğrunda rekord sayda – 1314 namizədin mübarizə apardığını diqqətə çatdırıb. Yazıda qeyd olunur ki, şəffaflığın təmin olunması məqsədilə ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Bundan başqa bir çox fransızdilli media saytları ölkəmizdəki seçki prosesi ilə bağlı geniş məlumat verib.