Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib. Məqalədə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradıldığı, Cümhuriyyətin banisi və dövlət xadimi Məmməd Əmin Rəsulzadənin Azərbaycanın müstəqilliyini bəyan edərkən “Bir kərə yüksələn bayraq bir daha enməz” fikri vurğulanır. Xatırladılır ki, bu əlamətdar tarix, yəni 28 may – Respublika Günü Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlin şəhərindəki Maritim mehmanxanasında təntənəli şəkildə qeyd edilib. Rəsmi qəbulda Almaniya Bundestaqının vitse-prezidenti Klaudiya Rot da iştirak edib.

Reportajda tədbirdən fotoşəkillər yerləşdirilib. Sonda Azərbaycanın ərazisi, əhalisinin sayı, paytaxtı, dövlət dili və s. haqqında məlumat verilib.