Ukraynanın müxtəlif vilayətlərində yaşayan azərbaycanlılar yerli rəsmilərin və fəalların iştirakı ilə Xocalı soyqırımını anıblar, Azərbaycanın işğal olunan torpaqları barədə iştirakçıları məlumatlandırıblar.
Tədbirlər Ukraynanın Dnepropetrovsk, Odessa, Lvov, Nikolayev, Xarkov, Jitomir, Poltova, Çerniqov, İvano-Frankovsk, Çernovtsı, Xmelntski və digər vilayətlərində keçirilib.
Tədbirlərdən əvvəl Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresininn sədri Rövşən Tağıyev Ali Rada (parlament) deputatları ilə görüşərək, Xocalı soyqırımının, Azərbaycanın işğal olunmuş torpaqlarının bütün beynəlxalq təşkilatların çağırışlarına və sənədlərinə baxmayaraq Ermənistan tərəfindən işğalda saxlanması faktının qanunverici orqanlarda vaxtaşırı səsləndirilməsi ətrafında müzakirələr aparıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) vilayət üzrə sədri Nəcəf Əhmədovun məlumatına görə, Dnepropetrovskdə BUAK-ın təşkilatçılığı ilə “Silahlı münaqişələr şəraitində insanlığa qarşı hərbi cinayətlərin qarşısının alınması” adlı seminar təşkil olunub. Seminarda qonşu vilayətlər ilə yanaşı yerli fəal azərbaycanlılar, ukraynalılar, o cümlədən yerli rəsmilər iştirak ediblər. Müzakirələrdə 1992-ci ildə erməni silahlılarının 366-cı alayın köməkliyi ilə Azərbaycanın Xocalı şəhərində yerli sakinlərə qarşı törətdiyi soyqırımı aktı pislənib. Tədbir çərçivəsində işğal olunmuş Azərbaycan torpaqları, Xocalı soyqırımı və bunlarla bağlı beynəlxalq sənədlərdən ibarət nəşrlər iştirakçılara paylanıb. Tədbirə Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev də qatılıb.
Tədbirdə 30 ilə yaxındır Azərbaycan torpaqlarının işğalda saxlanılmasının dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq və prinsiplərə zidd olduğu diqqətə çatdırılıb.
Eyni məzmunlu tədbirlər Ukraynanın yuxarıda sadalanan digər vilayətlərində də keçirilib.