Martın 2-dən etibarən Bakda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” start götürüb. Tədbirdə xarici ölkələrdən 250-dən çox mütəxəssis iştirak edir.
Kibertəhlükəsizliyin təmin olunması ilə bağlı konfransda məlumat verilib ki, Azərbaycanda beynəlxalq standartlar əsasında informasiya təhlükəsizliyi üzrə 18 milli standart hazırlanıb və qeydiyyata alınıb. Həmçinin, dövlət qurumlarında istifadə olunan proqram təminatlarının lisenziyalaşdırılması həyata keçirilir. Fiber-optik və LTE şəbəkəsi genişlənir, “5G”yə keçid üzrə hazırlıq işləri aparılır. Dövlət idarəetməsi, təhsil, səhiyyə, enerji, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, bank-maliyyə və başqa sahələrdə ölkə əhəmiyyətli informasiya sistemləri istifadə olunur, Data Mərkəzlər fəaliyyət göstərir, “Hökumət buludu” yaradılır.
Qeyd olunub ki, əhalinin 80 faizi aktiv internet istifadəçisi olduğuna görə, ölkəmizin kiberməkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir.
“Kibertəhlükəsizlik həftəsi”nin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, kibertəhlükəsizliyin təmini üçün qanunvericilik əsasları yaradılır. Bununla yanaşı, nazir müavini vurğulayıb ki, standartlar təsdiq edilir, hazırlıq səviyyəsi yuksəldilir, infrastrukturların müasir texnologiyalar ilə təchizi həyata keçirilir: “Bütün bunlar ölkəmizdə kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçündür. Qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına kimi irimiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur. Tədbirlər sırasına, eyni zamanda kritik infrastrukturların mühafizəsinin təşkili, ola biləcək hər hansısa təhdidlərdən qoruma, məlumatlandırma, bilik səviyyəsinin artırılması, sertifikatlı kadrların yetişdirilməsi də daxildir”.
Xatırladaq ki, “Kibertəhlükəsizlik həftəsi” 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə baş tutacaq. Tədbirdə təqdimatlar və məruzələr dinləniləcək. Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi də keçirilir.
Orxan Qasımlı