Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 3000 nəfəri keçib. Virusa yoluxanların sayı isə 87 min nəfərdən çoxdur.
Sutka ərzində Çində COVİD-19 virusuna 385 yeni yoluxma faktı qeydə alınıb. Xəstəliyin ocağı olan Uhan şəhərində karantin tədbirləri davam edir. Ümumdünya Səhiyyə Təşkilatı Çində xəstəliyin fevralın 2-də pik həddə çatdığını bildirib. Hubey əyalətindən kənarda yoluxma və ölüm halları azalmağa doğru gedir.
Dominikan Respublikasında isə ilk yoluxma faktı aşkar edilib. 62 yaşlı kişi xüsusi palataya yerləşdirilib.
Avropada da xəstələrin sayı artmaqdadır. İsveçrə və Almaniyanın ardınca Fransa da kütləvi tədbirlərə məhdudiyyət qoyub. Gələn həftə açılmalı olan beynəlxalq Paris kitab sərgisi ləğv edilib. Ölkənin ən böyük muzeyi olan Luvr bağlanıb. Məktəblilər üçün ekskursiyalar dayandırılıb. Ölkədə 5 min nəfərdən çox adamın iştirak edəcəyi bütün tədbirlər qadağan edilib. Bu məhdudiyyət 90 kinoteatrın fəaliyyətinin dayandırılmasına səbəb olub.