Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, dövlət orqanlarının informasiya ehtiyatından əldə ediləcək. Bu prosedurla bağlı yeni altsistem yaradılıb. Bu addım övladlığagötürmə sahəsində idarəetmənin obyektiv və şəffaf, çevik həyata keçirilməsinə imkan verəcək.

Altsistem yaradılarkən bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr aparılıb, normativ-hüquqi aktlar araşdırılıb. Nəticədə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb. Həmin qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiqlənib.

Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi subaylar üçün 30, evlilər üçün isə 25-dir. Onların daha mükəmməl qiymətləndirilməsi məqsədilə araşdırmalardan sonra övladlığagötürməyə imkan verməyən hallar, ailənin gəlirləri ilə bağlı konkret tələblər müəyyənləşib. Ümumilikdə prosesin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək və altsistem övladlığagötürmə üzrə xidmətlərin elektron qaydada təqdim olunmasına imkan verəcək.

Elektron müraciətlə yanaşı, vətəndaşlar üçün “DOST” mərkəzlərində xüsusi pəncərələr yaradılacaq ki, bu da onlara müsahibələrdə rahat iştirak etmək və suallarına cavab tapmağa şərait yaradacaq.

Gələcəkdə sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürənlərə dövlət bəzi imtiyazlar və güzəştlər tətbiq edəcək.

Sabir Bilalov