”Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Bu sözləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında kollektivlə görüşündə deyib. Ölkə başçısı infeksiyaya qarşı lazımi tədbirlərin görüldüyünü vurğulayıb:

”Bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar. Bir daha demək istəyirəm ki, bizim səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb. Əlbəttə, biz belə gözəl xəstəxanaları ona görə inşa edirik ki, vətəndaşlar bundan istifadə etsinlər. Həmçinin hansısa bir fors-major vəziyyətdə, əlbəttə ki, belə tibb ocaqlarının mövcudluğu bizim imkanlarımızı genişləndirir. Şadam ki, Goranboy rayonunda belə gözəl tibb müəssisəsi artıq fəaliyyət göstərir”.