Dünya gündəmini sadəcə dəyişdirməyən, həm də əməlli-başlı silkələyən koronavirus ölkəmizdə də media və sosial medianın baş mövzusuna çevrilib. Bu cür informasiya axınının içərisində məlumatları çeşidləmək, başqa sözlə, yanlış və doğru informasiyanı bir-birindən fərqləndirmək olduqca mürəkkəbdir.

“İtin insanı dişləməsi xəbər deyil, insanın iti dişləməsi xəbərdir” postulatı müstəvisində, əslində, koronavirus və onun risk dərəcəsi də qarşılaşdığımız miqyasda ciddi qəbul ediləcək xəbər olmalı deyildi, ancaq görünən odur ki, hazırda ictimai fikir “panik atak”la üz-üzədir.

Hər halda tibb sahəsinin mütəxəssisləri, eləcə də media ekspertləri də bu qənaətdədir.

Həkim-infeksionist Fərrux Sədirov Azərbaycan Televiziyasının “Hədəf” verilişində koronavirusun xüsusiyyətləri barədə danışarkən qeyd edib ki, pnevmoniya virusa yoluxmuş xəstələrdə çox az hallarda rast gəlinir: “Bu virusun əsas əlamətləri 38 dərəcədən yüksək olan qızdırma, baş ağrısı və burun tıxanıqlığıdır. Bu virusa yoluxanların cəmi 5 faizində xəstəlik ağırlaşır. 81 faiz onu yüngül, 14 faiz isə orta ağır keçirir”.

Statistik məlumatlara görə, bu xəstəliyə tutulanların təxminən 2 faizində ölüm faktı qeydə alınır. Xəstəlik özü isə adi qripdən kəskin şəkildə fərqlənmir, immuniteti möhkəm və hətta orta olan insanlar üçün isə bu xəstəlik, ümumiyyətlə heç bir risk yaratmır.

Belə halda, xəstəlikdən çox onun ətrafında yaradılan ajiotaj dolu informasiya axını təhlükəli görünür.

Mövzunu AzTV.az üçün şərh edən “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov qeyd edib ki, koronavirus bioloji olmaqdan daha çox, psixoloji virusdur: “Onun bioloji təhlükəsini bizdə əsla ciddi narahatlıq yaratmayan digər yoluxucu xəstəliklərin fəsadları ilə müqayisə edəndə buna asanlıqla əmin olmaq mümkündür. Belə ki, qripdən tutmuş HİV-ə, adi pnevmoniyadan tutmuş, zöhrəvi xəstəliklərə qədər hamısı koronavirusdan daha çox ziyan vurur. Amma heç birimiz bunlara görə təlaşa düşmürük. Bir tanış həkimin dediyi kimi, əgər insanlar apteklərdən maska və spirt kimi digər qoruyucu vasitələri də alsaydılar, hamımız daha sağlam bir cəmiyyətdə yaşayardıq. Amma almırlar. Çünki bizə maskanı və spirti aldıran koronavirusun özü deyil, onun ətrafında yaradılan hay-küydür. Bu narahatlıq kiçik diapazon daxilində bəlkə də faydalı ola bilər, amma heç bir kütləvi təlaşı çərçivədə saxlamaq olmur. O, mütləq getdikcə böyüyəcək, insanlara da, dövlətlərə də ziyan vuracaq. Bu gün dünya iqtisadiyyatında yaşanan panika, fond birjalarının çöküşü, iqtisadi artımın zəifləməsi, neftin ucuzlaşması koronavirusun özünün yox, onun yaratdığı psixoloji fonun təsiridir. İnsanların hərarəti yüngülcə qalxan kimi dərhal ağıllarına ən pis variantlar gəlir, özlərini streslə yükləyir, nəticədə vəziyyətlərini daha da pisləşdirirlər. Halbuki, təmkinlə yanaşıb, koronavirusun heç də qorxulu, öldürücü bir mərəz olmadığını anlayaraq, onunla soyuq başla mübarizə aparmaq daha effektiv olar. Virusun bilavasitə özü yəqin ki, Azərbaycana heç bir ziyan verməyəcək. İndi əsas məsələ onun vura biləcəyi dolayı ziyanların da qarşısını almaqdır”.

Korporativ Kommunikasiya və PR mütəxəssisi İlham Məmmədzadə isə hesab edir ki, yanlış informasiya axını daha təhlükəli, qarşısı çətin alına bilən və ömürlük iz buraxan bir haldır: “Bəşəriyyətin xilası və cəmiyyətin qorunması baxımından koronavirus və ya hər hansı digər geniş yayılmış bir virusla mübarizə insan beyninin məhsulundan və zəhmətindən keçir. Bunun isə yollarının tapılması və qarşısının alınması daha tez bir zamanda və daha az maliyyə xərci ilə mümkündür. Amma yanlış informasiya axını ilə mübarizə çətindir.

Hər bir halda xəstəliklər və virusları müalicə etmək və zərərsizləşdirmək üçün onu bloka alırlar və yoluxmuş insanı, ailəni və ya əyaləti dünyadan təcrid edirlər. Bundan sonra profilaktik müalicəyə başlanılır. Bu isə prosesin lokallaşdırılması deməkdir.

Virusa yoluxmuş insanla hər hansı bir formada təmasda olmadan həmin xəstəliyə yoluxmaq 100 haldan birində mümkün ola bilır. Lakin yanlış informasiya seli özünü cəmiyyətin bir parçası hesab edən hər kəsi hədəfinə ala bilir. Bunun isə yeganə və açıq cavabı qloballaşma və informasiya texnologiya əsrində yaşamağımızdır. Bu gün dünyanın bir qitəsində cəmiyyətə buraxılmış yanlış informasiya ən qısa zamanda - dəqiqələr içində bütün digər qitələrə, cəmiyyətlərə yayıla və müzakirə obyektinə çevrilə bilir.

Hava-damcı yolu ilə yayılan bakterioloji virusa yoluxmanın qarşısını almaq çətin, müalicəsi isə nisbətən ondan asandır. Yanlış informasiya axınının qarşısını almaq, onu şüurlardan tam olaraq çıxarmağın isə “müalicəsi” olduqca mürəkkəbdir”.

Xatırladaq ki, koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında bu məsələyə diqqət ayırıb və vəziyyətin nəzarət altında olduğunu diqqətə çatdırıb: “Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın. Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır”.

Sonda bir statistika: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il adi qripdən ən azı 250 min insan həyatını itirir.

Vüsal Məmmədov