Koronavirusla bağlı ümumtəhsil müəssisələrində tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilib. Ölkə üzrə indiyə qədər 2400-dək təhsil ocağında dezinfeksiya işləri aparılır.

Abşeron, Qəbələ və Ağstafa rayonunun təhsil müəssisələrində də  sözügedən tədbirlər həyata keçirilir. Abşeronda ümumtəhsil müəssisələrinin dezinfeksiya olunması rayon Gigiyena və Epidemologiya şöbəsi tərəfindən tərtib edilən qrafik əsasında aparılır. Artıq rayon ərazisində fəaliyyət göstərən 41 ümumtəhsil məktəbindən 20-sində dezinfeksiya işləri həyata keçirilib. Növbəti günlərdə də tərtib olunmuş qrafikə uyğun olaraq digər məktəblərdə bu işlər görüləcək.Təhsil Nazirliyi tərəfindən Abşeron rayon ümumtəhsil məktəblərinin dezinfeksiya olunması üçün 1 ton spirt və 1 ton xlor göndərilib.

Qəbələdə də uşaq bağçaları və məktəblər dezenfeksiya olunur. Prosesə martın 2-dən etibarən başlanılıb.

Qeyd edək ki, Qəbələdə 68 məktəb, 23 uşaq bağçası və körpələr, bir Peşə Tədrisi mərkəzi fəaliyyət göstərir. Bu müəssisələrdən 6 tam orta məktəbdə və 18 uşaq bağçasında dezinfeksiya aparılıb. Yerdə qalanlarda isə tədbirlər plana uyğun həyata keçiriləcək.

Analoji tədbirlər Ağstafa rayonununda da aparılır. Rayonun təhsil ocaqlarında dezinfeksiya işləri martın 9-a qədər tam başa çatdırılacaq. Ağstafada ümumilikdə 37 orta məktəb, 34 məktəbəqədər və məktəbdənkənar təhsil müəssisəsi dezinfeksiya olunacaq. 

Xatırladaq ki, tibbi-proflaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində təlim-tədris prosesinin dayandırılmasına və kütləvi tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Proflaktik tədbirlər, məktəblərlə yanaşı, insanların daha sıx toplaşdığı ərazilərdə, səhiyyə və mədəniyyət ocaqlarında da həyata keçirilir.