Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Suriyaya dair görüş baş tutub. 

Görüş zamanı Vladimir Putin Rusiya-Türkiyə münasibətlərinin korlanmaması üçün İdlibdə yaranan vəziyyətin müzakirə olunmasının zəruriliyini vurğulayıb: “Bizim həmişə danışmağa mövzumuz var, indi isə İdlibdə yaranan məlum məsələ o qədər dərinləşib ki, bizim birbaşa şəxsi söhbətimiz tələb olunur”.

Rusiya Prezidenti Suriyada Türkiyə hərbçilərinin həlak olması ilə bağlı türkiyəli həmkarına başsağlığı verib. O, həmçinin Rəcəb Tayyib Ərdoğana Moskvaya gəldiyi və görüş keçirdiyi üçün təşəkkürünü bildirib.  

R.T.Ərdoğan İdlibə dair Moskva danışıqlarının region üçün əhəmiyyətini vurğulayıb: “Biz bu görüşü Türkiyədə keçirməli idik, lakin sizin Konstitusiyaya dəyişikliklərlə bağlı işlərinizi nəzərə alaraq qərara gəldik ki, dəvətinizi qəbul edək və buraya gələk. Sözsüz ki, bizim İdlibə dair bugünkü görüşümüz böyük əhəmiyyətə malikdir, çünki regionda çox gərgin vəziyyət müşahidə olunur. Mən bilirəm ki, bu gün bütün dünya bizim görüşümüzü izləyir. Hesab edirəm ki, bizim bu gün qəbul edəcəyimiz qərarlar və atacağımız addımlar İdlibdəki vəziyyəti yüngülləşdirəcək”.