Prezident İlham Əliyev bu gün yeni təyin olunan icra başçılarını qəbul edərkən Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkiminin əməllərindən danışıb.

Ölkə başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı ilə saxlanılan keçmiş baş həkimin varidatının araşdırıldığını diqqətə çatdırıb: “Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı. Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq”.