İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, indiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Koronavirusla əlaqədar yaşana biləcək təhlükə risklərinin minimuma endirilməsi məqsədilə regionlarda və Bakıda ixtisaslaşmış mərkəzlər yaradılacaq. Bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq. Xəstəlik aşkarlanan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə ediləcəklər.
Epidemiyanın qarşısının alınması üçün bütün aidiyyatı qurumlar lazımi tədbirləri görürlər. Hazırda koronavirus təhlükəsi ilə bağlı Çindən Azərbaycana gediş – gəliş müvəqqəti dayandırılılıb. Azərbaycanda Çin vətəndaşlarının sayı 539 nəfərdir. Onların 69-u fevralın 1-dən sonra ölkəyə daxil olublar.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, ölkədə olma müddəti bitirsə, bu şəxslər təbii ki, ölkəni tərk etməlidirlər: “Amma bəzi hallarda, aviadaşıma səbəbindən, yaxud digər səbəblərdən, bu şəxslərin ölkəni tərk etməsi mümkün olmur. O zaman Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin vəziyyəti nəzərə alınaraq müsbət yanaşma tətbiq edilir”.
Qafqaz Müsəlmanları İdarəsi isə koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara, həmçinin digər dini məbədlərə tapşırıq və tövsiyələrlə müraciət edib. Tövsiyədə yoluxma riskini nəzərə alaraq, vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərdə moizələrin və birgə ibadətlərin, məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınması məsləhət görülür.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətində də sanitar-epidomoloji vəziyyət ciddi nəzarətə götürülüb. Belə ki, nəzarət-buraxılış məntəqələrində sanitar-mühafizə zonaları yaradılıb. Gün ərzində mütəmadi olaraq nəzarət-buraxılış məntəqələrində, görüş yerlərində, yataqxanalarda, yeməkxanalarda və sanitar qovşaqlarda dezinfeksiya işləri aparılır. Penitensiar müəssisələrə daxil olan vəkil və istintaq orqanlarının əməkdaşlarının, o cümlədən işçi heyətinin bədən hərarəti ölçülür, onlar tibbi müayinələrdən keçirilirlər. Bədən hərarəti yüksək olan, infeksion xəstəliklərin əlamətləri müşahidə edilən şəxslər cəzaçəkmə müəssisələrinə buraxılmırlar.
Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bildirib ki, aparılan profilaktik tədbirlərlə əlaqədar olaraq müəssisədə görüşlərin və sovqatların verilməsi müvəqqəti olaraq dayandırılıb: “Şəxslərin koronavirusla bağlı maarifəndirmə tədbirləri həyata keçirilir. Otaqlarda dezinfeksiyaedici məhlullar qoyulub. Bədən hərarətinin yüksəlməsindən şübhə yarandıqda, həmin şəxs ətrafında epidiomoliji araşdırmalar aparılır. Riskli zonalarla əlaqəsi aydınlaşdırılır və tibb müəssisələrinə istiqamətləndirilir”.
Bu arada, koronavirusla mübarizə çərçivəsində ictimai iaşə obyektlərində, insanların intensiv istifadə etdiyi mərkəzlərdə dezinfeksiya işləri davam etdirilir. Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtda ardıcıl tədbirlər həyta keçirilir. Yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, liftlər və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülür.
Dezinfeksiya prosesi həm ölkədaxili, həm də beynəlxalq reyslər üzrə hərəkət edən avtobuslarda da aparılır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, təhlükəsizlik tədbirləri təkcə bununla bitmir. Qeyd olunub ki, avtovağzal sərnişinlərin sıx istifadə etdiyi məkan olduğu üçün, həm kassalarda, həm məlumat mərkəzində, gözləmə zallarında,sərnişinlərin istifadə etdiyi bütün məkanlarda gündəlik olaraq dezinfeksiya işləri aparılır. Bəzi beynəlxalq reyslər təxirə salınıb. Ona görə də,vətəndaşları maraqlandıran sualları cavablandırmaq üçün 406 – 01 - 58 və 406 -01- 59 nömrəli məlumat mərkəzi fəaliyyət göstərir.
Onu da bildirək ki, ölkəmizin ərazisindən tranzit keçən nəqliyyat vasitələri də, Dövlət Yol Polisi əməkdaşlarının müşayiəti ilə Cənub bölgəsindən, Şimal və Şimal-qərb bölgəsinə yola salınır. Bu müddət ərzində onlar xüsusi qrafikə əsasən hərəkət edirlər və nəqliyyat vasitələrinin sürücülərinin qrafikdən kənar dayanmasına, insanlarla ünsiyyətinə icazə verilmir.
Yeri gəlmişkən, Səhiyyə Nazirliyində Koronavirusla mübarizə çərçivəsində geniş müşavirə keçirilib. Bildirilib ki, Azərbaycanda epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla davam etdirilir. Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılmasına səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.
Ayşəm Rüstəmova, Elmir