Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə müraciətinə cavab olaraq, qurumun Nigerdəki humanitar və inkişaf idarəsinin regional ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları məbləğində yardım edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, İƏT-in sözügedən idarəsinin regional ofisə çevrilməsi ilə əlaqədar qərar 2019-cu il martın 1-2-də Əbu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və mayın 31-də Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub.