Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. “ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək”, - deyə məlumatda qeyd olunur.