Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində qətlə yetirilən Azərbaycan əsgəri Orxan Paşazadə son mənzilə yola salınıb.
Əsgər, 1996-cı il təvəllüdlü Orxan Paşazadə ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Cəfərxanlı kəndində olub. Mərasimdə Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, həmçinin rayon ictimaiyyəti iştirak edib.
Vida mərasimində şəhidimizin atası Nazim Paşazadə şəhid atası olmaqla fəxr etdiyini deyib: “Mənim balam son damla qanına kimi vuruşdu və düşmənləri geri oturtdu. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, nə qədər ki, Orxan kimi balalarımız var, torpaqlarımızın bir qarışı da düşmən tapdağı altında qalmayacaq. Zaman gələcək bütün torpaqlarımz azad olunacaq”.
Yayılım atəşindən sonra şəhid sərhəçi Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, əsgər Orxan Paşazadə ötən gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonunun Quşçu Ayrım kəndindəki təmas xəttində atəkəs rejiminin pozulması nəticəsində şəhid olub. O, göstərdiyi igidliyə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Medal Azərbaycan bayrağı ilə birgə şəhidin atası Nazim Paşazadəyə təqdim olunub.
Allah rəhmət eləsin!