Dənizdə işləyənlər təbiətin sərt üzü və iş şəraitində müxtəlif epizodlarla tez-tez qarşılaşırlar. Buna görə onların həm fiziki, həm də psixoloji cəhətdən ekstremal şəraitə hazır olmaları vacibdir. Bu baxımdan xüsusi olaraq neft sənayesində çalışanlar üçün dünya standartları və Beynəlxalq Dəniz Konvensiyalarının tələblərinə uyğun təlimlər keçirilir.

Cənubi Qafqaz regionunda bu cür təlimlər yalnız Azərbaycanda keçirilir. Təlimlər SOCAR-ın Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində reallaşdırılır. Təlimin hər bir kursunda 10 nəfər iştirak edir. Burada praktiki məşğələlərə keçməzdən əvvəl nəzəri biliklər öyrədilir. Məqsəd dənizdə çalışanlara müxtəlif qəzalar və fəlakətlər zamanı düzgün fəaliyyət göstərməyin üsullarının öyrədilməsi, lazımı vərdişlərin aşılanmasıdır.

Dənizdə çalışanlarla yanaşı burada digər şirkət və qurumların sifarişi əsasında da təlimlər keçirilir. Təlimlər zamanı əməkdaşların çətin vəziyyətdə hansı formada sağ qala biləcəkləri ilə bağlı biliklər aşılanır. Həmin təlimlərdən biri də 4 metlik hündürlükdən suya tullanmaqdır.

İsmayıl Abbasov (Dənizdə İnsan Həyatinin Mühafizəsi üzrə Təlim Mərkəzinin böyük dalğıc mütəxəssisi): "Burada 7-8 elementdən ibarət normativlər verirlər. Bunlardan əsası 100 metr məsafəyə sərbəst üsulla üzmək, manikeni 25 metr məsafəyə nəql etmək, sualtı bir nəfəsə 20 metr üzmək, xilasedici dairəni ən azı 10 metrə atmaq, Aleksandr kəndirini ən az 20 metr məsafəyə atmaq, - bunlardan ibarətdir".

Təlimlərdən biri də açıq platformada yanğın baş verərkən onun söndürülməsidir. Söndürərkən alovla küləyin istiqaməti düzgün seçilməlidir ki, insanlara xəsarət yetirilməsin. Alovun söndürülməsində köpükdən və qumdan istifadə edilir.

Aleksandr Dmitriyev (Nəzəri tədris üzrə aparıcı mütəxəssis): "Yanğın miqyasından, yerindən, həcmindən asılı olmayaraq birinci xəbər verilir. Sonra söndürülməsi üçün cəhd edilir. Sadəcə cəhd etməzdən öncə yanğının həcmi, vəziyyəti ölçülür. İnsan əlindəki vasitə ilə buna qarşı müqavimət göstərə bilər ya yox?"

Bu ilin 2 ayı ərzində 430 nəfər təlimlərə cəlb edilib. Ötən il isə 2420 nəfər sözügedən təlimləri muvəfəqiyyətlə bitirib.

 

Samir Namiqoğlu, Elşad Heydərov