Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral AzTV-yə özəl müsahibə verib. Səfir Azərbaycan-Türkiyə arasındakı qarşılıqlı əlaqələrdən, münasibətlərin perspektivlərindən danışıb. Ə.Özoral bildirib ki, ilk öncə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq münasibətləridir:
“Bizləri yaxın dost olaraq tanıdanlar var. Aramızdakı əlaqələrin strateji müttəfiqlik səviyyəsində olduğunu da qəbul edirik. Mənə görə hər şeydən əvvəl Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. İki dövlət, bir millətik. Bizim münasibətlərimiz də bu prinsiplər əsasında qurulub. Həm Türkiyə, həm də Azərbaycan bu münasibətləri daha da dərinləşdirmək, aramızdakı yaxınlığı daha da yaxınlaşdırmaq niyyətindədir. Niyyət həm də, iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Ona görə də, həm qarşılıqlı investisiyaların qoyulması, həm də ikili ticarət həcminin artırılmasına başlanır. Bu məsələdə lazım olan nə varsa həyata keçirilir”.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışan səfir vurğulayıb ki, sənədlər içərisində ən önəmlisi, razılaşmalı ticarət əlaqəsinin qurulması ilə bağlı sənəd olub: “Bununla hər iki ölkə müəyyənləşdirilmiş məhsul keçidi üçün gömrük rüsumlarını ləğv etmiş olacaq. Həm Azərbaycan məhsullarının Türkiyə bazarlarında rəqabətliliyi artacaq, həm də Türkiyə məhsulları Azərbaycan bazarında rəqabətlilik qazanacaq. Həmçinin hər iki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizasız qalma müddətinin 90 günə qaldırılması önəmli razılaşmalardan biridir”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyinə gəldikdə isə, səfir Özoral rəsmi Ankaranın baxışlarında heç bir dəyişiklik olmadığını diqqətə çatdırıb: “Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər Türkiyənin də problemidir. Qarabağ konflikti həll olunmadan, nə Azərbaycan, nə də Türkiyə rahat olacaq. Türkiyə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çəçivəsində həllinin tərəfdarıdır. Münaqişənin həlli üçün əlimizdən gələni edirik. İki gün əvvəl ATƏT-in Minsk Qrupunun üzvləri Türkiyədə görüşlər keçirdilər. Onlara Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyimizi bir daha bildirdik. Biz bu məsələdə hər zaman Azərbaycanın yanında olduq, bundan sonra da sonuna qədər Azərbaycanın yanındayıq”.
Səfirin AzTV-yə verdiyi müsahibənin tam versiyası ilə mətnin içərisindəki videodan tanış ola bilərsiniz.