Dünya Bankının Direktorlar Şurası Azərbaycanda özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiqləyib.
Bu ildən icra olunacaq layihə 2020-2025-ci illərdə ölkəmizdə əlavə 22 min şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına dəstək verəcək. Dünya Bankı və Azərbaycan Hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kredit sazişi imzalandıqdan sonra layihənin bu ilin ortalarından icrasına başlanması planlaşdırılır. Proqramın əhatə dairəsi və səmərəliliyinin artırılması ilə yanaşı, layihənin tərkib hissələrinə proqram çərçivəsində göstərilən dəstəyin miqyasının genişləndirilməsi, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, o cümlədən peşə təhsil müəssisələri ilə bağlı strategiyanın hazırlanması və digərləri daxildir.