Koronavirus epidemiyası ilə əlaqədar beynəlxalq bazarlarda neftin qiymətinin kəskin azalması səbəbindən baş verə biləcək qlobal şoklara qarşı  hökumətlər sərt addımlar atmaqdadır. Azərbaycan hökuməti də antiböhran tədbirlərini müəyyənləşdirib.

Belə ki, ölkə iqtisadiyyatını beynəlxalq böhran şəraitindən az itkilərlə çıxarmaq üçün mühüm addımlar atılır. Ən vacib istiqamət kimi ilk növbədə koronavirus xəstəliyinin ölkədə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığı, qlobal iqtisadi böhranın Azərbaycana mənfi təsirlərinin azaldılması hədəf seçilib. Bu zaman valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, eləcə də, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməsinin qarşısı alınacaq. İndi ölkə qlobal şoklara qarşı 2014- 2015 ci illərə nisbətən daha hazırlıqlıdır. Əgər o dövrdə neft gəlirləri dövlət büdcəsinin 70 faizindən artığını təmin edirdisə, hazırda bu rəqəm 50 faizdən bir qədər yuxarıdır. Strateji valyuta ehtiyatları 52 milyard dollardır və bu nağd manat kütləsini 9 dəfə üstələyir. Xarici borclar da  minimal səviyyədədir. Mütəxəsislər isə bildirir ki, neft gəlirlərinin azalması builki büdcə ödənişlərinə təsir etməyəcək.

Yaxın günlərdə “Əmanətlərin tam sığortalanması” məsələsi də  həlini tapacaq. Maliyyə-pul bazarında isə hər hansı ajiotaja ehtiyac yoxdur. Mərkəzi Bank Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında bazarın tələbini tam ödəyəcək məbləğdə valyuta ilə təmin edir. Manatın sabitliyinin qorunması, ötən ildən həyata keçirilən inqilabi sosial islahatların nəticələrinin daha da möhkəmləndirilməsi üçün zəmin yaradır. Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq.

Tədbirlər sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir. Xüsusən, neftdən sonra ölkəyə ən çox gəlir gətirən turizm sektorunun dəstəklənməsi gündəlikdədir. İqtisadiyyat üçün sistem əhəmiyyətli müəssisələrin dayanıqlılığı təmin olunacaq. Neftin qiymətinin tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb ki, bu sahədə görülən tədbirlər tədiyə balansının tarazlığının qorunmasını təmin edəcək. Hökumətin antiböhran tədbirlərinin səmərəliliyinin artırılması üçün özəl sektora əlavə dəstək, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla əməkdaşlıq da gündəmdədir.

Banklarımızın xarici borcu isə cəmi 1,6 milyard manatdır. Bu onların ümumi aktivlərinin heç dörddə biri deyil. Özəl sektorun xarici borcları minimal səviyyədədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatında böhranın heç bir əlaməti yoxdur. Sadəcə, biz qlobal böhrana qarşı hazırlıqlı olmalıyıq, imkan verməli deyilik ki, qlobal böhran Azərbaycan iqtisadiyyatına təsir göstərsin. Bu nöqteyi nəzərdən cənab Prezidentin tapşırığı odur ki, biz Azərbaycan vətəmndaşının rifahını fikirləşək. Azərbaycan vətəndaşı qlobal böhranın sərt döngələri ilə üz-üzə qalmalı deyil. Odur ki, ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcək. Bu il dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur.

Əli Rzayev