“Azərbaycanda son dövrlər bəzi insanların panikaya düşərək mağazalardan kütləvi alış etməsi üçün heç bir ciddi əsas yoxdur. Əhalinin gündəlik təlabat malları, o cümlədən qida məhsulları ilə təlabatının ödənilməsində problem yoxdur. Ölkə yerli ərzaq məhsulları ilə yanaşı, xaricdən idxal olunan yeyinti məhsulları ilə də tam təchiz olunub”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən belə deyib. Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik təlabat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.
Ümumiyyətlə isə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronovirus təhlükəsi ilə əlaqədar ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər isə yükdaşımalara şamil olunmur.
Rəsmilər bildirir ki, hökumət iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malikdir. Bununla yanaşı, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirlər həyata keçiriləcək.
İstehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara təlabatın artmasına gəlincə, hazırda bu məhsulların təchizatında heç bir çətinlik yoxdur. Yaxın həftələrdə isə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisə fəaliyyətə başlayacaq. Son günlər ticarət mərkəzlərində, mağazalarda müşahidə olunan istehlakçı davranışına isə dünyanın hər yerində rast gəlinir. Lakin mövcud şəraitdə insanların belə mərkəzlərdə kütləvi toplaşması, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun deyil. Marketlərdən də bildirilir ki, anbarlarda kifayət qədər məhsul var, ərzaq problemi yoxdur. Alıcı bolluğu isə həm də Novruz bayramı ilə əlaqədardır.
Baş nazirin müavini Şahin Mustafayev isə deyir ki, hər hansı ölkə ilə sərhədin müvəqqəti bağlanmasının yük daşımalarına, tranzit keçidinə, ərzaq gətirilməsinə heç bir təsiri yoxdur.
Əli Rzayev, Məmmədbağır Kərimov