Dünyada baş verən arzuolunmaz hallar bir gerçəkliyi də ortaya qoyur: insanlığın əsl qayəsini - köməyə ehtiyacı olub, çətin vəziyyətdə qalana əl uzatmaq, paylaşmaq kimi… Kainatımızda böyük problemə çevrilən istənilən vəziyyətdən qurtulmaq üçün müvafiq qayda-qanunlara riayət etməklə yanaşı, birlik, bərabərlik göstərmək, mənəvi dəstək də yetəri qədər güclü silahıdır.
Hazırda pandemiya hesab edilən koronavirusla bağlı ən nümunəvi addım isə həmvətənlilərimizdən gəldi. Bir-birini tanımayan yüzlərlə, minlərlə dünya azərbaycanlısı bu dəfə COVİD-19 infeksiyası səbəbilə hava limanlarında qalan həmvətənlilərimiz üçün birlik oldu… Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən bir çox istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırıdı. Bu səbəbdən dünyanın müxtəlif ölkələrinə səfər edən həmvətənlilərimiz ölkəyə qayıda bilməyərək qərib diyarda maddi və mənəvi ziyanla üz-üzə qalmalı olur. Belə bir çətin vəziyyətdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar bir-birinə kömək əli uzadaraq, milli-mənəvi dəyərlərə malik xalq olduğumuzu bir daha nümayiş etdirdi. Həmvətənlərimiz sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq kampaniyalara başladılar...
Dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar öz evlərinin qapılarını həmvətənlərinə açıq elan edib və Azərbaycana qayıda bilməyən soydaşlarımıza dəstək elanları paylaşıblar. Onlar Vətənə qayıda bilməyənləri həftələrlə qonaq etməyə hazır olduqlarını bildiriblər. Bəziləri isə ərzaq məhsulları ilə təmin etmək, yaxud da hər hansı bir şəkildə köməklik göstərmək təklifi ilə çıxış ediblər.
“Covid-19” böhranı keçəcək və həyat normal vəziyyətə qayıdacaq. Bu günlərdən xatırlayacaqlarımız isə həm də azərbaycanlı kimi nümayiş etdirdiyimiz birlik olacaq.