Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada verilməsi proseduru dəyişir. Bu, VI çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ilk iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanuna əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır. İmtina üçün əsas olmadıqda, viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Qanuna təklif edilən dəyişiklikdə isə birdəfəlik və ya çoxdəfəlik vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılacaq. İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək. Komitə sədri Musa Quliyev deyib ki, qanuna dəyişikliyin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
İclasda həmçinin, 2020-ci ilin yaz sessiyası üçün iş planı da müəyyənləşib. Millət vəkilləri məşğulluğun artırılması, “Sosial sığorta haqqında” qanuna dəyişiklik, ünvanlı sosial yardımın həcminin genişləndirilməsi təklifləri ilə çıxış ediblər. Toplantıda “Azərbaycanla Bolqarıstan arasında pensiya təminatı haqqında” sazişin təsdiq edilməsi haqqında qanun layihəsinə də baxılaraq plenar iclasa tövsiyə olunub.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında isə gündəlikdəki qanun layihələri barədə məlumat verilib. Prezident İlham Əliyevin parlamentdəki çıxışından sitat gətirən komitənin sədri Səməd Seyidov deyib ki, beynəlxalq əlaqələrin daha da inkişafı üçün səmərəli əməkdaşlıq edilməli və heç bir beynəlxalq qurumda sövdələşməyə gedilməməlidir.
İclasda komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə edilib və təkliflər səsləndirilib. Gündəlikdə duran digər 5 məsələyə də münasibət bildirən deputatlar, qanun layihələrinin Azərbaycan xalqının milli maraqlarına, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət etdiyini söyləyiblər.
Elm və təhsil komitəsinin iclasında isə bildirilib ki, Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkili təklif olunur. Bununla bağlı “Sərhəd mühafizə orqanları haqqında” qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, dəyişiklik layihəsinə əsasən, sərhəd mühafizə orqanları fəaliyyətində Azərbaycan qanunvericilik aktlarını, o cümlədən Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. İclasda “Elm haqqında” və “Təhsil haqqında” qanunlara da düzəlişlər müzakirəc olunub. Bildirilib ki, Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək. “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə də təkliflər səsləndirilib. Bundan sonra komitənin ötən ilin payız sessiyasında fəaliyyəti haqqında hesabat təqdim edilib, 2020-ci ilin yaz sessiyası üçün iş planı müzakirə olunub. Diqqətə çatdırılıb ki, Milli Məclisin saytı yenilənəcək, hər bir komitənin və deputatın veb-səhifəsi yaradılacaq.