“Karantin qaydaları, dövlətlər üçün, həm də yoxlama vasitəsidir. Bununla dövlətlər öz zəif məqamlarını test edirlər. Bizdə bəlli oldu ki, qanunvericiliyimizdə karantin vəziyyəti ilə bağlı kifayət qədər cəza və inzibati tədbirlər yoxdur”.
Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində deyib. S.Məmmədovun sözlərinə görə, yəqin ki, Milli Məclis sözügedən məsələyə baxacaq: “Dünya nümunəsinə baxaq, orada necədir? Məsələn İtaliyada karantinə əməl etməməklə bağlı böyük cərimə sistemi var. Çində karantin qaydalarına əməl etməyənlər üçün ölüm cəzasına qədər cəza tədbirləri mövcuddur. Cənubi Koreya koronavirus infeksiyası yayılandan dərhal sonra qanunvericiliyinə baxdı, cərimələri artırdı və bir ilə qədər həbs cəzasının tətbiqini, 8200 ABŞ dolları cəriməni müəyyənləşdirdi. Qonşu ölkəmiz Rusiyada 80 min rubl və bir ilə qədər həbs cəzası nəzərdə tutulub. Ukraynada buna görə, yarım ildən 5 ilə qədər cəza müəyyənləşdirilib. Dünyada elə zamanlar olub ki, karantin tədbirlərinin yerinə yetirilməsi üçün silahlı qüvvələr prosesə cəlb edilib. Güc vasitəsi ilə insanları karantinə alıblar”.
Hüquq müdafiəçisi vurğulayıb ki, karantin rejimində insan hüquq və azadlıqlarından geri çəkilmələrə bizim tərəfdar çıxdığımız bütün hüquqi normalar icazə verir: “Mülkü və siyasi hüquqlara dair Beynəlxalq Pakt, İnsan hüquqları və əsas azadlıqları müdafiəsi haqqında konvensiya buna icazə verir. Avropa Konvensiyasının 5-ci maddəsində yazılır ki, yolxucu xəstəliklərin qarşısının alınması məqsədilə insanların həbs edilməsi, onların azadlıq hüququnun pozulması demək deyil. Eyni zamanda, Mülkü və siyasi hüquqlar haqqında paktda, Azərbaycanın Konstitusiyasında, “İnsan hüquq və azadlıqlarının təmin olunmasına dair” Konstitusiya qanununda bunların hamısı əks olunub. Karantin dövründə kimisə hardansa məcburi çəkindirirlərsə, uzaqlaşdırırlarsa, heç kəs deməsin ki, bu, insan hüquqlarının pozulmasıdır. Belə məsələlərdə, bir neçə məhdudlaşmayan hüquq var. Məsələn heç kəsə işgəncə verilə bilməz, heç kəs kölə edilə bilməz. Bunları çıxmaq şərti ilə bütün hüquqlar, o cümlədən söz azadlığı, sərbəst hərəkət azadlığı, vicdan azadlığı və.s, hamısı məhdudlaşdırıla bilər. Çünki karantin rejimi məqsədlərə xidmət etməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizlik məsələsində insan hüquqları lazım gələrsə, keçir ikinci plana”.