Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə baş tutan toplantıda gündəliyə çıxarılan dörd məsələ müzakirə olunub. Milli Məclisin sədri bildirib ki, dünya miqyasında yayılmış koronavirus (COVİD-19) pandemiyası təhlükəsinə qarşı Azərbaycanda səmərəli mübarizə təşkil olunub. Onun sözlərinə görə, ölkəmizdə epidemiyaya qarşı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilib.

Plenar iclasa təqdim olunan qanun layihələrinin dördü də həmin tədbirlərlə əlaqədar olub. Spiker qeyd edib ki, bu qanun layihələrinin qəbul edilib qüvvəyə minməsi nəzərdə tutulan mübarizənin kompleks şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq.

Sonra sədr deputatları koronavirusa qarşı mübarizə  tədbirləri çərçivəsində Azərbaycanın Baş naziri tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə göndərilmiş təlimat məktubunun məzmunu ilə tanış edib. S.Qafarova bildirib ki, yüksək sürətlə yayılan infeksiyaya qarşı ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlərin səmərəli nəticə verməsi üçün  vətəndaşların da məsuliyyətli olması vacibdir.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki iki qanun layihəsini təqdim edib. O, bildirib ki, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə və tələblərindən irəli gələn təxirəsalınmaz tədbirlərin ölkə ərazisində həyata keçirilməsi məqsədi daşıyır. Birinci müavin vurğulayıb ki, Azərbaycanda bir ay müddətində kütləvi tədbirlər təxirə salınıb, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.  Nəzərə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilən dəyişiklik inzibati məsuliyyəti nəzərdə tutur, müvafiq cərimələrin məbləği artırılır. Cinayət Məcəlləsinə əlavə olunan “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya  karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddədə isə 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Adı çəkilən  rejimlərin pozulması insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə  cəzası verilə bilər.

Hər iki qanun layihəsi geniş müzakirə olunub. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ÜST-ün elan etdiyi pandemiya və Azərbaycandakı epidemiya ilə bağlı Milli Məclisdə martın 16-da keçirilmiş dinləmələr barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, COVİD-19 dünya ölkələrində sürətlə yayılır. Koronavirusun uzun inkubasiya dövrünün olması (2-3 həftə), vaksinin hələ də tapılmaması  dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir. Komitə sədri ölkəmizdə genişmiqyaslı tədbirlərin görüldüyünü vurğulayaraq, karantinə və sosial təcridə çox ciddi əməl olunmasının zəruriliyini qeyd edib.

Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq, qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim edib. Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizəni  vətəndaşın dövlət tərəfindən qorunması məqsədilə ən üst səviyyədə görülən tədbirlər kimi dəyərləndirən komitə sədri qeyd edib ki, bəzi tədbirlərin sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcəyi indidən məlumdur. O, vurğulayıb ki, təqdim olunmuş qanun layihəsində bu məqam nəzərə alınıb. Layihəyə əsasən, bu qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır. Qanun layihəsi özəl tibb fəaliyyəti subyektlərində səhiyyə qanunvericiliyinə əməl olunmasına nəzarəti gücləndirəcək, səmərəliliyi artıracaq, nəticədə əhalinin sağlamlığının daha keyfiyyətli qorunmasına nail olunacaq.  Müzakirədən sonra məsələ səsə qoyularaq qəbul olunub.

Daha sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə baxılıb. Layihəni təqdim edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması”na dair 13-2-ci maddədə edilən dəyişiklikləri və “İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət”i tənzimləyən 13-4-cü maddədə edilən dəyişikliyi ətraflı şərh edib. İclasda bildirilib ki, müasir dövrdə informasiyanın cəmiyyətdəki rolu danılmazdır. Ona görə də, məlumatların yayılmasının qarşısının alınması vacibdir. Müzakirədən sonra dəyişiklik qəbul edilib.