Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.
Videoproyeksiyanı izləyənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da vardı. Səfir deyib ki, hörmətli Prezident İlham Əliyevin ideyası əsasında həyata keçirilən böyük bir layihədə Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır: “Bu iki bayrağın, böyük insan Heydər Əliyevin adını daşıyan Mərkəzin üzərində dalğalanması qürurvericidir. Bu gün Türkiyə-Azərbaycan qardaşlığında çox önəmli bir gündür. Azərbaycanın koronavirusla mübarizədə dünyaya verdiyi mesaj baxımından da, layihənin ayrıca önəmi var. Bu nümunəvi hərəkət hər kəsin biri-biri ilə qardaş olduğunun göstəricisidir. Mərkəzin üzərində Türkiyə-Azərbaycan bayraqlarının dalğalanması qardaş ölkə olduğumuzun qürurunu bir daha bizlərə yaşadır”.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.