İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri bir neçə tədbir olaraq müəyyən edildi. Bu istiqamətdə ikinci əsas tədbirimiz ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi. Aprelin 7-də Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə qaydalar qüvvəyə mindi və artıq ötən altı gün ərzində 75 min nağd ödəniş həyata keçirilib. Bu məqsədlər üçün 14 milyon manatdan artıq vəsait vətəndaşlarımıza ödənilib.

Bu sözləri 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi barədə məlumat verərkən deyib.

Nazir daha sonra deyib: “İşsizlikdən sığorta və özünüməşğulluq proqramlarının genişləndirilməsi də tədbirlər planının istiqamətlərindən biridir və bu çərçivədə bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Digər bir tərəfdən isə işsizlikdən sığorta mexanizminin sadələşdirilərək 20 min insanı əhatə etməsi planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza işaxtarma dövründə dəstək olacaq”.