Koronavirus pandemiyasının yayıldığı müddətdə dünya ölkələri öz sərhədlərini bağladığına görə, ticari əlaqələrin davam etdirilməsi tranzit ölkələrdən yararlanmaq zərurətini yaratdı. Buna görə də, əlverişli coğrafi şərait və Azərbaycanın logistika mərkəzinə çevirilməsi Avropa və Mərkəzi Asiya ölkələrinin əksəriyətinin ticari dövriyəsini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə qarşılamağa imkan verir. Xarici ölkə vətəndaşlarının limana daxil olması və yüklərin daşınmasında COVID-19 virusuna görə qabaqlayıcı tədbirlər də görülür.
Ölkəyə gələn irihəcmli yük maşınlarının sürücülərindən ilkin olaraq müvəqqəti saxlanma-karantin zonasında test götürülür. COVID-19 virusu tapılmayan sürücülər bundan sonra təmiz zonaya daxil olur. Hər iki zonada sürücülərin bir-biriləri ilə və ətraf mühitlə əlaqələri minimuma endirilir. Mövcud duruma görə onların rahatlığı üçün zonada əlavə qida və sanitariya məntəqələri də yaradılıb.
Pandemiyanın iqtisadiyyata mənfi təsir etməsinə baxmayaraq limanda beynəlxalq yükdaşımalar fasiləsiz olaraq mövcüd duruma əməl etməklə davam etdirilir. Buna görə də bu ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan çox yük quru və su yolundan Azərbaycan vasitəsilə daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.
Samir Namiqoğlu