Ermənistanın xarici işlər naziri rusiyalı həmkarı Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib. Məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vurğulayıb ki, bu destruktiv açıqlama danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur: “Ermənistanın xarici işlər naziri sözügedən açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir. Ermənistan bu kimi dağıdıcı bəyanatlarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar”.