“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində “koronaböhran” yaşanmadı. Yəni Ermənistan atəşkəsi pozmaqda davam etdi, eyni zamanda qondarma Dağlıq Qarabağ Respublikasında seçkilər keçirildi”.
Bu sözləri AzTV-nin “Hədəf” verilişində qonaq olan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın bu mövqeyi beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir: “Dünya ölkələrinin hamısının kütləvi tədbirləri təxirə saldığı vaxtda işğalçı Ermənistan heç nədən çəkinmədən qlobal təhlükəsizliyə çox ciddi təhdid fonunda yenə də qondarma rejimdə seçkilər keçirdi. Bu, hər şeydən öncə ondan xəbər verir ki, bütövlükdə Ermənistan dövlətinin mövqeyi beynəlxalq təhlükəsizlik, beynəlxalq münasibətlər sisteminin sabitliyi üçün ciddi təhlükələr yaradır.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistan yenə də Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymuş olur. Azərbaycan ərazisində heç bir konstitusion əsas olmadan qondarma seçkilərin keçirilməsi ölkəmizin ərazi bütövlüyünə qarşı növbəti təxribatdır. Bu isə o deməkdir ki, Armənistan tərəfi münaqişənin tənzimlənməsi istiqamətində özünün dağıdıcı siyasi şoubazlıq mövqeyindən geri çəkilmir. Bir tərəfdən deyir ki, münaqişənin dinc yolla həllinin tərəfdarıdır, digər tərəfdən separatçı addımlarından geri qalmır”.