Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasının (AzTV) “Xəbərlər” proqramına açıqlamasında bildirib. Prezidentin köməkçisi qeyd edib ki, koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib. Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğunu nəzərə alaraq, Zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək: ”Ümidvarıq ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü koronavirusa qarşı mübarizədə üzv dövlətlərin səylərinin səfərbər olunmasına, həmrəyliyin və multilateralizmin güclənməsinə əhəmiyyətli töhfə verəcək”.