Prezident İlham Əliyevin müvafiq sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, digər müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.
Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya Müharibəsi iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi təmin olunub.
Həmçinin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib. Vəsaitlər həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülüb.