Heydər Əliyev Fondu hər il olduğu kimi bu dəfə də 9 May - Qələbə Günündə Böyük Vətən müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbənin 75 illiyi təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib. 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub. Qələbə Günü münasibətilə təbrik edilən müharibə iştirakçılarına Prezident İlham Əliyevin  Sərəncamı ilə təltif olunduqları Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təqdim edilib.

Bununla yanaşı, respublika üzrə 256 veteranın evində bayram süfrəsi qurulub, onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıb. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlarımızın qayğılarını daim diqqətində saxladığı qeyd olunub və böyük qələbənin əldə olunmasında hünər göstərən həmvətənlərimiz bir daha bayram münasibəti ilə təbrik edilib.