Ermənistanda faşizmin təbliği yalnız tarixi saxtalaşdırmaq baxımından deyil, eyni zamanda gələcək üçün də təhlükədir. Bununla bağlı tanınmış siyasətçilər, ekspertlər həyəcan təbili çalırlar. Onların sözlərinə görə, nasistlərlə əməkdaşlıq edən şəxsin qəhrəmanlaşdırması cinayətdir.
Son günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın faşistlərə xidmət edən Qaregen Njdeni milli qəhrəman elan etməsinin heç də təsadüfi olmaması aydın şəkildə özünü göstərdi. Aydın oldu ki, işğalçı ölkə rəhbərinin babası da elə Njde kimi nasistlərin xidmətçisi imiş. Paşinyan babasının fotosunu sosial şəbəkələrdə paylaşdıqdan sonra Ermənistanın kütləvi informasiya vasitələri onun faşistlərə xidmət etdiyini faktlarla sübut etdilər.
Tanınmış siyasi ekspertlər hesab edirlər ki, faşistlərə xidmət edən Njdenin qəhrəmanlaşdırılması, onun abidəsinin ucaldılması faşizmi təbliğ etməkdən başqa bir şey deyil. Onların sözlərinə görə, Ermənistan hakimiyyətinin bu istiqamətdə atdığı addımlar isə çox təhlükəli və yolverilməzdir.
Daha bir məqam ondan ibarətdir ki, Ermənistan kütləvi informasiya vasitələri ilə yanaşı Rusiyada da Paşinyanın babasının faşizmə qulluq etdiyini sübut edən sənədlər ortaya çıxıb. Belə ki, bir neçə gün əvvəl Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yaradılan və sovet dövrünə aid arxiv sənədlərindən ibarət 37 milyon yazının olduğu “Memorial” məlumatlar bazasında da, Paşinyanın babasının nasistlərə qulluq etdiyi təsdiqləndi. Beləliklə, Ermənistan rəhbərliyinin dünyanın gözü qarşısında faşistləri qəhrəmanlaşdırmaqla təhlükəli meyilləri təbliğ etməsi sübut olundu.
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyir ki, baş verənlər təhlükədir: “Təkcə tarix üçün deyil, həm də gələcək üçün. Sual yaranır, niyə hansısa siyasi lider öz siyasi həyatını nasist Hitlerlə bərabərləşdirir. Niyə Njdeylə öz siyasi baxışlarını eyniləşdirir? Düşünürəm ki, hər şey aydındır, bu adamlar istəyirlər ki, Hitlerin yürütdüyü siyasəti yürütsünlər, onun yolunu getsinlər. Onlar istəyirlər ki, yetişən gənclər hərbi əməliyyatlar həyata keçirsinlər. Njde həm azərbaycanlıları, həm də rusları qətlə yetirib və bu, milli zəmində olan qətllərdir. Nikol Paşinyanın babasına gəlincə isə, o düşünürdü ki, onun babası qəhrəmandır, lakin sənədləri araşdırdıqdan sonra məlum olur ki, onun babası böyük ehtimalla erməni legionu SS-lə əməkdaşlıq edirmiş. Düşünürəm ki, bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Gördüyümuz kimi, Nikol Paşinyanın özü belə baş verən hadisədən hələ də şok yaşayır və heç bir şərh vermir. Çünki heç özü də bilmir ki, nə cavab versin”.
Beynəlxalq münasibətlər sahəsini araşdıran israilli ekspert Mixail Finkel də hesab edir ki, nasistlərlə əməkdaşlıq edən şəxsin qəhrəmanlaşdırılması cinayətdir: “Hitler 20-ci əsrin şeytanıdır. Onunla əməkdaşlıq və Ermənistanın Qaregen Njdeni qəhrəmanlaşdırılması, onu müdafiə etməsi qəbuledilməzdir. Nikol Paşınyan özünü cinayətkar olan babası kimi aparır. Paşinyanın babasının baxışlarını bölüşür. Bu üzücüdür”.
Beynəlxalq ekspertlərin də dediyi kimi, Ermənistanın istər keçmiş, istərsə də hazırkı hakimiyyətinin faşist ideologiyasını açıq şəkildə dəstəkləyərək təbliğ etməsi qlobal səviyyədə təhlükəyə çevrilir. Bu həm də onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişsə də, onların işğalçılıq siyasəti ilə bərabər nasistləri qəhrəmanlaşdırmaq siyasəti də məzmunca dəyişmir.
Tural Məmmədov