Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda xüsusi karantin rejimi yumşaldılsa da, vətəndaşlardan qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etmək, 1.5 – 2 metr ara məsafəsi saxlamaq tələb olunur. Paytaxt Bakıda bu tələblərə riayət edənlərlə yanaşı, əməl etməyənlərin də sayı kifayət qədərdir.

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları paytaxtda sosial izolyasiyaya necə əməl edildiyini, ictimai nəqliyyatda, ticarət mərkəzlərində qaydalara necə riayət edildiyini müşahidə edib. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, ictimai iaşə obyektlərində virusdan qorunma tələblərinə əməl olunur. Müəssisələrin girişində vətəndaşların hərarəti ölçülür, tibbi maskadan istifadəyə ciddi nəzarət edilir. Tibbi maska taxmayanlar isə obyektə buraxılmır.

Bakı metrosunda isə mənzərə o qədər də ürəkaçan deyil. Xüsusi karantin rejimi yumuşaldıqdan sonra metroda sərnişinlərin sayında artım müşahidə olunur. Lakin təəssüf ki, girişdə sərnişinlər tibbi maskalardan istifadə etsə də, platformaya düşər düşməz ya onu çıxarırlar, ya da çənə nahiyəsinə endirirlər.

Yeri gəlmişkən, sosial şəbəkə və xəbər saytlarında Bakı Metropolitenində vaqonda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadəni və sosial məsafə saxlamağı tələb edirlər. Metroda bir neçə sənişin polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaradıb. Həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də saxlanması üçün tədbirlər davam etdirilir. Nazirlik bir daha vətəndaşlarımızın diqqətinə çatdırır ki, koronavirus infeksiyasına qarşı mübarizə hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Hazırki dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır. Qabaqlayıcı tədbirlər vətəndaşların sağlamlığının qorunması üçündür. Polis öz vəzifəsi borcunu yerinə yetirir. Bəzi vətəndaşlar isə qanunu pozaraq, bu cür hərəkətləri ilə onların fəaliyyətinə maneə yaradır. Digər ölkələrdə qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Ölkəmizdə də insanların virus riskinə biganə yanaşması dövlətin cəza tədbirləri görməsinə şərait yaradır.

Sabir Bilalov, Urfan Əliyev