Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.
İdarədən bildiriblər ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2524 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 218 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.