Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmirlər. Uzun illər istifadə edilməyən məzuniyyətlər sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaradır. Əmək Məcəlləsində ediləcək dəyişikliklərə əsasən, hər bir  işçi il ərzində  əmək məzuniyyətindən mütləq istifadə etməlidir.

Dəyişikliklərə əsasən, bundan sonra işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alır. Çünki, işçilərin illərlə yığılıb qalan  istifadə edilməyən məzuniyyətə görə, sonradan işəgötürən külli miqdarda kompensasiya  ödəmək məcburiyyətində qalır. Yeni qanun layihəsi övladı olan atalara da  ödənişli  məzuniyyət verilməsini nəzərdə tutur. 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mətbuat katibi Aynur Osmanqızı deyib ki, hazırda həyat yoldaşı  uşaq dünyaya gətirən  kişilərə 14 gün  ödənişsiz sosial məzuniyyət verilir: “Lakin, yeni təkliflərə əsasən bu dəyişdirilib. Yəni, artıq həyat yoldaşı dünyaya uşaq gətirən, övladı olan atalara 14 gün ödənişsiz deyil, ödənişli  məzuniyyət nəzərdə tutulub”.

Bununla yanaşı qanun layihəsində əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına da dəyişiklik edilir. Belə ki, əmək qabiliyyəti müvəqqəti itirildikdə, əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə, işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə, işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Bu hallardan başqa halda məzuniyyətin müddəti başqa vaxta keçirilə bilməz.

A.Osmanqızı qeyd edib ki, əgər işçi məzuniyyətə çıxmırsa, bu halda işəğötürən xəbərdalıq edir ki, əmək məzuniyyətə çıxmalısan. Əgər işçi həmin halda razı olmursa, bu halda işəgötürən işçini məzuniyyətə göndərə bilir.

Qanuna dəyişiklik layihəsinin yaxın vaxtlarda Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.

David Nuraşvili, Atababa Vəliyev