Tədris digər dillərdə aparılan bölmələr üzrə birinci sinfə qəbul üçün müsahibələrə start verilib. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarından irəli gələn tələblərə uyğun olaraq valideynlərin onlayn müsahibələrə üstünlük verməsi tövsiyə edilir.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Müsahibələrin cavabları 3 iş günü ərzində vətəndaşların telefonlarına göndərilir və eyni zamanda şəxsi kabinetlərində bildiriş formasında öz əksini tapır. Hazırda müsahibə prosesi üçün Bakı şəhəri üzrə Təhsil İdarəsində peşəkar müəllimlərin daxil olduğu 4 qrupdan ibarət komissiya yaradılıb. Növbəti günlərdə müraciətlərdən asılı olaraq komissiyanın sayı artırıla da bilər.
Qeyd edək ki, bu il paytaxtda ümumilikdə 7500-dən çox şagird onlayn şəkildə təşkil olunan müsahibədə iştirak edəcək. Müsahibələrin nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq, nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə biləcəklər. Prosesdən narazı qalan valideynlər isə sistemin əks-əlaqə bölməsində apellyasiya üçün müraciət edə bilərlər.
Nuray Mustafa