Aqrar sektorda müsbət dinamikanı inkişaf etdirmək üçün ölkədə davamlı dövlət dəstəyi davam edir. Xüsusən, Prezidentin regionlara səfərləri zamanı fermer, torpaq mülkiyyətçiləri ilə səmimi söhbətləri, qayğıları ilə şəxsən maraqlanması bu dinamkanı daha da gücləndirir. Hədəf məhsuldarlığı artırmaq, intensiv istehsalla ölkənin daxili tələbatını bütünlüklə ödəmək və ixrac potensialında aqrar sektorun çəkisini əhəmiyyətli dərəcədə artırmaqdan ibarətdir.  

Aqrar sahənin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılması dövlətin strateji inkişaf konsepsiyasında çox mühüm yer tutur. Məqsəd yerli istehsal hesabına daxili tələbatı ödəmək və ixrac postensialında bu sektorun çəkisini artırmaqdır. Həyata keçirilən nəticəyönümlü tədbirlər  müsbət dinamika ilə müşayiət olunur. İlin birinci rübündə kənd təsərrüfatında 3,6%-lik artım deyilənlərin əyani sübutudur. Prezidentin Ağcabədi rayonuna səfəri zamanı ölkə üzrə bir milyon hektar sahədə taxıl biçini kampaniyasına xeyir-dua verməsi sözügedən sahənin strateji önəmini bir daha təsdiqləyir.

641 mindən artıq buğda, 370 min hektara yaxın arpa sahələrində biçin kampaniyasının optimal müddətdə başa çatdırılması, məhsulun itkisiz yığılması isə heç şübhəsiz ki, texnika ilə təminatdan çox asılıdır. Gübrə, yanacaq, subsidiyalar və digər çoxsaylı güzəştlərlə bərabər əkin-biçin adamının texnika sarıdan da çətinliyi yoxdur. Çünki hazırda ölkədə tələbatı ödəyə biləcək sayda taxılyığan kombayn var.

Əlbəttə, dövlət kənd təsərrüfatı texnikası, istehsalçı üçün lazımi şəraitin yaradılmasını daim diqqətdə saxlayır. Sözsüz, hər şey nəticə - məhsul istehsalı və məhsuldarlıqla yekunlaşır. Ona görə də  aqrar sektorun intensiv üsullarla inkişafı, sənaye əsaslarına keçirilməsi istiqamətində davamlı tədbirlər görülür.

-İntensiv texnologiyalara əsaslanan  aqroparkların işə salınması;

-infrastruktur və meliorativ tədbirlərin gücləndirilməsi;

-yeni torpaqların əkin dövriyyəsinə qaytarılması;

-elektron kənd təsərrüfatı sisteminə keçid;

-aqrar sektora güclü maliyyə və texiki dəstəyin verilməsi və s . kimi amillər kənd təsərrüfatı məhsullarının istehsalında, habelə, ölkənin etibarlı ərzaq təhlükəsizliyində əsaslı irəliləyişlərdən  xəbər verir.

Prezident İlham Əliyevin bu sahə ilə bağlı fikirləri bunun bariz nümunəsidir. “Kənd təsərrüfatı müasir standartlara cavab verməlidir. Belə olan halda, əlbəttə ki, həm məhsuldarlıq artacaq, həm kənddə işləyən insanlar əmək sərf edəcəklər, həm də daxili bazarı təmin edəcəyik və xarici bazarlara da daha geniş çeşiddə məhsullarla çıxa biləcəyik. Kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır”.

Məhsuldarlığı şərtləndirən əsas amillər sırasında, əlbəttə ki, əkin sahələrinin suvarma suyu ilə təminatı çox ciddi əhəmiyyət kəsb edir. Ona görə də bu sahədə ciddi layihələr həyata keçirilir. Ötən il quraqlıq olsa da, görülən işlər sayəsində Azərbaycanda heç vaxt əldə edilməyən - 32 sentner məhsuldarlıq təmin olundu, bəzi fermer təsərrüfatlarında bu rəqəm 50 sentnerə çatdı. Ancaq bu il yenə də quraqlıqdır və əkin-biçin adamının su ilə təminatı bütün aktuallığı ilə qarşıda dayanır. Elə bu səbəbdən su ehtiyatlarından səmərəli istifadə, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi komissiya yaradılıb.

Fermerin su, texnika ilə təminatı, istehsal üçün yaradılan bütün  imkanlardan heç də az əhəmiyyət kəsb etməyən digər məsələ isə məhsulun, əkin sahələrinin yanğından qorunmasıdır.

Göründüyü kimi, ölkədə aqrar sektorun inkişafına kompleks yanaşılır. Həyata keçirilən və planlaşdırılan tədbirlər isə şübhəsiz ki, ölkənin ərzaq təhlükəsizliyi və ixrac potensialının möhkəmləndirilməsində pozitiv meylləri daha da gücləndirəcək.

Sahəddin Hüseynov