14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan ərazisində tətbiq ediləcək sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar sözügedən 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.
Apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.
Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək. Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.