Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf əraziləri üzərində yurisdiksiyasını təmin etmək üçün pozucu fəaliyyətini davam etdirir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək üçüncü avtomobil yolunun çəkiləcəyi barədə dedikləri Avropa Parlamentində ciddi reaksiyaya səbəb olub.

Qurumun Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Yelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku iyunun 10-da birgə bəyanatla çıxış edərək, bu layihənin beynəlxalq hüquq normalarına zidd olduğunu bildiriblər. Bəyanatda deyilir ki, prinsip etibarilə onlar Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələri və insanlararası təmasları artıran layihələri dəstəkləyirlər: “Bununla belə, həmin yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilib. Həmçinin, bu layihə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər. Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq”.

Şübhəsiz ki, Avropa Parlamentinin məlum bəyanatı həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəhdlərinə və onların 2009-cu ildə qəbul etdikləri Baza Prinsiplərinə real dəstək deməkdir. Ona görə də Ermənistanın təxribat xarakterli addımına ATƏT səviyyəsində də münasibətin bildirilməsi vacibdir. Bir nüans xüsusi maraq doğurur ki, bəyanata imza atanlardan biri - Trayan Basesku məhz qurumda Ermənistan üzrə məruzəçidir və onun Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə etməsi işğalçı tərəfin qeyri-hüquqi davranışlarının Avropa camiəsində düzgün dərk edilməsində müstəsna rol oynayacaq. Beləliklə, Avropa Parlamentinin son bəyanatından çıxan nəticələri ümumilikdə belə sıralamaq olar:

-Qərb institutları Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir;

-Bəyanatda “işğal olunmuş ərazilər” ifadəsinin işlədilməsi Avropa təsisatları tərəfindən işğal faktının tanınması anlamına gəlir;

-Sənəd Ermənistan tərəfindən Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin həyata keçirildiyinə aydınlıq gətirir;

-İşğalçı ölkənin qeyri-qanuni məskunlaşdırma hesabına işğalın nəticələrini qanuniləşdirməyə çalışdığı qeyd olunur;

-Bəyanatdan səmimi danışıqlara dəvət edilən əsas ünvanın Ermənistan olduğu ortaya çıxır.

Mütəxəssislər istər indiki pandemik, istərsə də ondan öncə, Azərbaycan və Ermənistanın Avropa təşkilatları ilə əməkdaşlığının strateji tərəflərini müqayisə edərək müxtəlif layihələrə rəsmi Bakı və İrəvanın verə biləcəyi faydalar ətrafında araşdırmalar aparırlar. Ötən il dərc olunan "İnvestisiyalar üzrə təxmini iş planının təsviri" adlı sənədə əsasən, Avropa İttifaqı və Dünya Bankı Şərq Tərəfdaşlığına qatılan 6 ölkəyə infrastruktur layihələrin gerçəkləşdirilməsi üçün 2030-cu ilədək 13 milyard avro ayırmaq niyyətindədir. Ayrılacaq ümumi məbləğdən Azərbaycanın 2,078 milyard, Ermənistanın isə cəmi 732 milyon avro vəsait alacağı gözlənilir. İşğalçı ölkənin bütün istiqamətlər üzrə geridə qalaraq siyasi prioritetini tam müəyyən edə bilməməsi ona qarşı daha genişmiqyaslı cəbhənin açılmasını və beynəlxalq mövqelərinin zəifləməsini şərtləndirir.

Müşahidələr göstərir ki, rəsmi İrəvan Qərb dünyasının artıq laqeyd qalmadığı məsələlərdə hər hansı uğura ümid edə bilməz. Lakin hər bir halda, faktın özü narahatvericidir və beynəlxalq təşkilatlar daha sərt şəkildə təcüvazkarın məlum layihələrini qınamalıdır. Bu baxımdan ekspertlər iyunun 18-ə planlaşdırılan Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransından çox şey gözləyir.

Malik Həsənov, “Xəbərlər”