Qubada əvvəllər daha çox alma yetişdirilidi. Lakin son illər aqrar sektorda tətbiq edilən yeniliklər və dövlətin fermerlərə hərtərəfli yardımı rayonda yeni gilas bağlarının salınmasına təkan verib. Hazırda bu bağlarda məhsul yığılır. Tədarük olunan gilas bazarlarla yanaşı, qonşu Rusiyaya da göndərilir.
İyun ayı gilas yığımının ən qızğın çağıdır. Yığım prosesi meyvələrin yetişmə ardıcıllığına uyğun aparılır. Artıq bağ sahibləri gilasın tez yetişən sortlarının toplanmasını başa çatdırıblar. Ümumiyyətlə Qubalı bağbanlar, əsasən, gilasın “Burlat”, “Romanovka”, “Regina” və digər növlərini yetişdirir.
Tədarük edilən məhsulun bir hissəsi yerli bazarlara çıxarılır, qalanı isə xaricə göndərilir. Ona görə də gilas yığımı və qablaşdırılması məhsula zərər vurmadan yüksək dəqiqliklə aparılır. Belə ki, toplanan məhsul öncə taralara yığılır, daha sonra logistik bazalara daşınaraq yuyulur.
Hazırda məhsulun davamlı ixracı ilə bağlı hər hansı çətinlik yaşanmır.
Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 200-250 yük nəqliyyat vasitəsinin keçidi təmin olunur. Bunun da bəzi hissəsini gilas yüklü avtomaşınlar təşkil edir. Ötən il rusiya bazarına 45 milyon ABŞ dolları dəyərində 26,5 min ton gilas ixrac olunub. Bu il isə mövsümün əvvəli olmasına baxmayaraq 5,4 milyon ABŞ dolları dəyərində 3,5 min ton gilas ixrac olunub. Məlumat üçün bildirək ki, məhsulun bolluğu gilas ixracında artıma da təsir göstərəcək
Qeyd edək ki, “Samur” gömrük postu bir müddətdir gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bağbanlar tədarük etdikləri kənd təsərrüfatı məhsullarını, o cümlədən gilası istədikləri vaxt qonşu Rusiyaya göndərə bilirlər.