Paytaxtın Badamdar qəsəbəsində bu ilin qışında baş verən torpaq sürüşməsi Bayıl massivi və 20-ci sahə arasındakı yolda hərəkətin məhdudlaşdırılmasına səbəb olmuşdu. Ərazidə yeni bir aktivləşmə xeyli sayda fərdi yaşayış evinə və iaşə obyektlərinə də zərər vura bilər. Yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə  yamacın bərpası ilə bağlı layihə hazırlanıb. Tədqiqatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları və yaponiyalı mütəxəssislər iştirak ediblər. Mərhələli şəkildə aparılan bərpa işləri çərçivəsində ilk olaraq yamacın üst hissəsində yağış və qrunt sularını kənarlaşdırmaq məqsədilə quyular qazılır.

Sürüşmənin əsas səbəblərindən biri də yağış suları olub. Elə yağış sularının ərazidən kənarlaşdırılması məqsədilə 3 drenaj quyusu qazılır. Həmin quyular bir-biri ilə əlaqəli olacaq və yamacın təhlükəsizliyinə mühüm töhfə verəcək.

Quyuların qazılması ilə paralel yamacda terraslaşma  işləri də görüləcək. Bu işlərə quyuların qazıntısı bitdikdən və sular müəyyən qədər kənarlaşdırıldıqdan sonra başlanılacaq.

Layihənin sonuncu mərhələsində yaşıllaşdırma işləri həyata keçiriləcək.

Sabir Bilalov