Gürcüstanda olan daha 178 Azərbaycan vətəndaşının iyunun 23-də vətənə təxliyyəsi planlaşdırılıb.
Bununla bağlı bu gün səhər saatlarında Azərbaycanın Gürcüstandakı səfirliyində həmin soydaşlarımız növbəli şəkildə COVID-19 testindən keçiriliblər. Analiz nümunələri Gürcüstan Xarici İşlər Nazirliyinin tövsiyə etdiyi laboratoriyada yoxlanılır. Yalnız testinin cavabı neqativ çıxan şəxslər sabah avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar. Səfirlikdən bildirilib ki, testin nəticəsi 48 saat qüvvədə olacaq. Vətəndaşlar arasında yaşlılar, qadınlar və yeniyetmələr üstünlük təşkil edirlər.