COVID-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, manatın real effektiv məzənnəsinin yüksəlişi iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi, əhalinin alıcılıq qabiliyyətinə isə müsbət təsir göstərir. İndiki halda seçim Azərbaycan vətəndaşının marağıdır. O, əlavə edib ki, manatın sabitliyi 2019-cu ildə inqilabi islahatların nəticələrinin qorunması baxımından çox əhəmiyyətlidir. Əgər bu il devalvasiya olsaydı, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərərdi. Lakin Azərbaycanda manatın sabitliyi devalvasiyaya imkan vermədi. Vüsal Qasımlı deyib ki, ölkənin pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır və bu, ümumi daxili məhsulun 4,3 faizini təşkil edir. Azərbaycan koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayırıb. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar Azərbaycanı pandemiyadan daha az zərər görən ölkələr sırasına aid edirlər.